Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə Ər-Riyadda hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib. “AnewZ”in məlumatına görə, görüş husilərin krallığa hücumlarının intensivləşdiyi vaxta təsadüf edib.
Bred Kuper səfəri zamanı Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salmanla da görüşüb. Danışıqlarda müdafiə əlaqələrinin möhkəmləndirilməsi, regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi müzakirə olunub.
İyul ayından bəri gərginliyin artdığı bildirilir. Səudiyyə Ərəbistanı şəhərlərinə və enerji infrastrukturuna hücumları yenidən intensivləşdirən husilər Yəmənin Qırmızı dəniz sahilində də mövqelərini genişləndiriblər. Onlar ötən ay strateji əraziləri ələ keçirib, beynəlxalq gəmiçilik üçün mühüm marşrut olan Bab əl-Məndəb boğazı istiqamətində irəliləyiblər.
Vəliəhdin Kuperlə görüşünün elanından qısa müddət sonra Ər-Riyadda partlayış səsi eşidilib. Daha sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Yəmən sərhədinə yaxın, ölkənin cənubuna doğru buraxdığı qanadlı raketin ələ keçirilib məhv edildiyini açıqlayıb.
Koalisiyanın ilkin qiymətləndirməsinə əsasən, raket qalıqlarının düşməsi maddi ziyana səbəb olub. Zərərin tam miqyası isə aydın deyil.
Səudiyyə Ərəbistanı ABŞ-dan hərbi dəstək istəyib
Görüşlər Səudiyyə Ərəbistanının husilərin hücumlarına qarşı mübarizə üçün ABŞ-dan əlavə hərbi yardım istədiyinə dair məlumatlardan sonra keçirilib.
Sentyabrda üç mənbə “Reuters”ə vəliəhd Məhəmməd bin Salmanın husilərə qarşı mübarizədə Vaşinqtondan hərbi dəstək istədiyini deyib.
Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bu müraciəti təsdiqləməyib, lakin Vaşinqton kəşfiyyat məlumatlarının paylaşılması və hədəflərin müəyyənləşdirilməsi üzrə yardım təklif edib.
Gərginliyin son vaxtlar artması regional təhlükəsizliklə bağlı narahatlıqları, xüsusilə mühüm enerji infrastrukturuna və strateji əhəmiyyətli Qırmızı dəniz dəhlizində gəmiçiliyə yaranan təhdidləri gücləndirib.