Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə qüvvələri Məkkənin cənubunda husilərə məxsus pilotsuz uçuş aparatını məhv edib.
Krallığın açıqlamasına görə, dron müqəddəs şəhər üzərində qadağan olunmuş hava məkanına daxil olmamışdan əvvəl vurulub. İranla müttəfiq olan husilərin hücumları regionda gərginliyi daha da artırıb.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) husilərin Məkkə və Mədinə bölgəsinə hücumlarını pisləyib. Təşkilat bu hücumları “iyrənc hücumlar” adlandıraraq, onların dinc sakinləri qorxutmaq, müqəddəs məkanların və məscidlərin toxunulmazlığını pozmaq məqsədi daşıdığını bildirib.
İƏT müqəddəs məkanlara, məscidlərə və mülki infrastruktura hücumların terror aktı olduğunu və İslam dəyərləri ilə beynəlxalq hüququ pozduğunu vurğulayıb. Təşkilat Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu və krallığın müqəddəs məkanları, mülki əhalini, təhlükəsizliyini və suverenliyini qorumaq üçün gördüyü tədbirləri dəstəklədiyini açıqlayıb.
ABŞ isə Yəmən münaqişəsi ilə əlaqədar Səudiyyə Ərəbistanına səfər xəbərdarlığını üçüncü səviyyəyə qaldırıb və vətəndaşlarına səfərləri yenidən nəzərdən keçirməyi tövsiyə edib.
ABŞ Dövlət Departamenti İranın ABŞ maraqlarına qarşı pilotsuz uçuş aparatları və raketlərdən istifadə edə biləcəyini, həmçinin silahlı münaqişə, terror, ölkədən çıxış qadağaları və yerli qanunlarla bağlı risklərin mövcud olduğunu bildirib. Qonşu Yəmən üçün dördüncü səviyyəli — “səfər etməyin” xəbərdarlığı qüvvədə saxlanılıb.