İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) birbaşa ABŞ ictimaiyyətinə ünvanlanmış 25 səhifəlik həcmli məktub hazırlayıb. Qurumun rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Mühəbbi Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, məktubun əsas məqsədi media təbliğatından kənarlaşaraq Amerika xalqına Tehranın regiondakı mövqeyini və məntiqini çatdırmaqdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Hüseyn Mühəbbinin sözlərinə görə, məktubda İrana qarşı onilliklərdir həyata keçirilən hücumların real səbəbləri, Vaşinqton rəhbərliyinin Yaxın Şərq və İsrail siyasətinin fəsadları, habelə ABŞ-nin nəhəng hərbi xərclərinin adi amerikalı vergiödəyicilərinə vurduğu zərər barədə detallı tezislər təqdim olunub.
Məktubun İran ilə ABŞ arasında 47 ildir aramsız davam edən siyasi və hərbi gərginlik fonunda hazırlandığı vurğulanıb. SEPAH təmsilçisi qeyd edib ki, ABŞ mediasında İran əleyhinə aparılan geniş təbliğat amerikalıların həqiqətləri öyrənməsinə mane olur və bu addım iki xalq arasında birbaşa məlumat mübadiləsi yaratmaq məqsədi daşıyır.