İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə münasibətlərə dair Tehranın mövqeyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Pezeşkian “CBS News” telekanalına müsahibəsində iki ölkə arasında problemlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin mümkün olduğunu bildirib.
İran lideri qeyd edib ki, Tehran danışıqlara açıq olsa da, milli maraqların qorunmasından geri çəkilməyəcək. Onun sözlərinə görə, İran iqtisadi təzyiqlərə qarşı mübarizəni də davam etdirəcək.
Pezeşkian ABŞ tərəfindən tətbiq olunan sanksiyaların təsirini azaltmaq üçün hökumətin xüsusi tədbirlər planı hazırladığını da bildirib. O, Vaşinqtonun İrana təzyiq göstərməklə Tehranı geri addım atmağa məcbur etmək cəhdlərinin nəticə verməyəcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl İran ordusunun nümayəndəsi Məhəmməd Akraminiya ölkənin atəşkəs dövründə yeni silahlar əldə etdiyini və münaqişə zamanı zədələnmiş hərbi sistemlərin bərpa edildiyini açıqlamışdı.