SEPAH ölkənin hava hücumundan müdafiə qüvvələrinin Fars körfəzindəki Həngam adası yaxınlığında ABŞ-yə məxsus F-16 qırıcısına xəbərdarlıq atəşi açdığını və onun İran sərhədləri yaxınlığındakı ərazidən uzaqlaşmasına nail olduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ qırıcısı Hörmüz boğazından keçən ticarət gəmilərinə hava dəstəyi göstərərkən İranın hava məkanına yaxınlaşıb.
Qeyd olunub ki, gəmilər Tehranın icazə vermədiyi marşrut üzrə hərəkət edib. İranın hava hücumundan müdafiə sistemlərinin aktivləşdirilməsindən sonra ABŞ qırıcısı istiqamətini kəskin şəkildə dəyişərək ərazidən uzaqlaşıb.
SEPAH İran hərbçilərinin Hörmüz boğazında Tehran tərəfindən müəyyən edilmiş gəmiçilik qaydalarının pozulmasını qəbuledilməz hesab etdiyini vurğulayıb.
Vurğulanıb ki, bu qaydaları pozmaq cəhdləri davam edərsə, həm qaydaları pozan gəmilər, həm də onlara dəstək verən hərbi qüvvələr ciddi nəticələrlə üzləşə bilər.