Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin Ağdaş rayon şöbəsinin rəisi Abbasov Nurlan Səxavət oğlu, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Usubəliyev Şahlar Usubalı oğlu və qeyd edilən bölmənin zabiti İsmayılov Taleh Rizvan oğlunun qanunsuz əməllərinə dair keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılovun 2025-2026-cı illərdə müvafiq vəzifələrdə işləyərkən xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi və ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxsin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.