Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın logistika mərkəzlərinə, nəqliyyat və liman infrastrukturu obyektlərinə qurudan buraxılan yüksəkdəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə qrup zərbəsi endirib.Bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Kiyevdə qanadlı raketlər və onların komponentləri, xüsusən də Ukrayna istehsalı olan FP-5 “Flamingo” raketlərinin saxlama və logistika məntəqəsi kimi istifadə edilən lokomotiv deposu vurulub.
Hədəfə alınan digər vacib obyektlər sırasında Kiyevdə yerləşən internet trafikinin mübadiləsi üzrə əsas mərkəzlər və məlumat bazaları yer alıb:
“Bimobayl” məlumat emalı mərkəzi: Rusiya tərəfi mərkəzin Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə kəşfiyyat məlumatlarının saxlanması və ötürülməsini təmin etdiyini bildirib.
“Parkovı” məlumat emalı mərkəzi: Dövlət və kommersiya xidmətlərinin, eləcə də hərbi təyinatlı məlumatların emalını həyata keçirən infrastrukturun vurulduğu iddia olunub.
Bundan əlavə, Kiyev vilayətində PUA-ların istehsalı və saxlanması ilə məşğul olan “Belogorodka” anbar terminalının, Odessa vilayətində isə liman infrastrukturlarını elektrik enerjisi ilə təmin edən “Usatovo” yarımstansiyasının sıradan çıxarıldığı qeyd edilib. Velikodolinsk yaşayış məntəqəsində yerləşən PUA istehsalı sexinə də zərbə endirildiyi bildirilib.
Cənub istiqamətində endirilən zərbələr nəticəsində İzmayıl limanında hərbi təyinatlı yüklərin boşaldılmasını təmin edən infrastruktur obyektlərinin, eləcə də Odessa limanında Ukrayna hərbçiləri üçün əmlak daşıyan quru yük gəmisinin zərərsizləşdirildiyi vurğulanıb.
Məlumatlar yalnız Rusiya Müdafiə Nazirliyinin bəyanatına əsaslanır; zərbələrin dəqiq nəticələri və dağıntıların miqyası ilə bağlı Ukrayna tərəfinin rəsmi mövqeyi hələlik təqdim edilməyib.