NATO İran raketinin Türkiyə üzərində ələ keçirilməsindən sonra alyansın kollektiv təhlükəsizlik mexanizmini işə salmağı planlaşdırmır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Ali Komandanlığının sözçüsü Martin O'Donnell Polşa televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda NATO-nun Nizamnaməsinin 5-ci maddəsinin tətbiq ediləcəyinə dair heç bir əlamət yoxdur. Bununla belə, O'Donnell qeyd edib ki, Türkiyə və ya alyansın istənilən digər üzv dövləti belə bir təşəbbüs irəli sürə bilər.
Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, alyansın üzv ölkələrindən birinə qarşı silahlı hücum bütün blok ölkələrinə qarşı hücum kimi qiymətləndirilir və müttəfiq dövlətlər zərərçəkən tərəfə yardım göstərməyə borcludur.
Xatırladaq ki, martın 5-də NATO-nun baş katibi Mark Rutte də İran raketinin Türkiyə istiqamətində uçması ilə bağlı alyansın kollektiv təhlükəsizlik bəndinə istinad etməyəcəyini açıqlamışdı.
Məlumata görə, martın 4-də İranın ballistik raketi İraq və Suriya hava məkanı üzərindən keçərək Türkiyə yaxınlığında Aralıq dənizində ələ keçirilib. Raket ABŞ-nin “Oskar Ostin” esminesindən buraxılan SM-3 raketi ilə vurulub.
Bildirilir ki, məhv edilən raketin qalıqları Türkiyənin Suriya ilə sərhədinə yaxın Hatay vilayətinə düşüb. “The New York Times” qəzeti isə İranın ABŞ Hərbi Hava Qüvvələrinin böyük kontingentinin yerləşdiyi Türkiyənin cənubundakı İncirlik hava bazasını hədəfə almağı planlaşdırmış ola biləcəyini ehtimal edib.