Dövlət Gömrük Komitəsi tərəfindən hava limanında həyata keçirilən xüsusi əməliyyat nəticəsində, "paylama üsulu" ilə ölkəyə gizli yolla gətirilməyə çalışılan ümumilikdə 347 qram qızılın qarşısı alınıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları gömrük qaydalarının pozulması faktını dərhal aşkar ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına əsasən, hadisə Şarja-Doha-Bakı aviareyisi ilə gələn sərnişinlər arasında qeydə alınıb. 4 nəfər Azərbaycan vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən, nümayiş etdirdikləri şübhəli davranışlara görə əsaslı yoxlamaya cəlb olunublar.
Yoxlama prosesində sərnişinlərdən gömrük orqanına bəyan edilməyən gizlədilmiş qiymətli metallar tapılıb. Aşkar edilən mallar arasında ümumilikdə 300 qram "Pump" markalı qızıl külçələr və 47 qram qızıl qolbaqlar olduğu müəyyən edilib.
İlkin araşdırma zamanı məlum olub ki, sözügedən predmetlər sərnişinlərin şəxsi əmlakı deyil. Bu əşyalar onlara xarici ölkədə, gömrük nəzarətindən yayındıraraq Azərbaycana keçirmələri məqsədilə verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edərək xəbərdarlıq edir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar sərhəddən keçirilən zaman ciddi hüquqi məsuliyyət yarada bilər.