"Qəzzada 2025-ci ilin oktyabr ayından bəri davam edən atəşkəs dövründə 260-dan çox uşaq həyatını itirib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri BMT-nin Uşaqlara Yardım Fonunun (UNICEF) sözçüsü Ceyms Elder deyib.
Elder İsrailin intensiv hücumları və təzyiqləri altında olan Qəzzadakı vəziyyətlə bağlı açıqlamasında uşaqların davamlı olaraq xəstə göründüyünü və bölgədə qida çatışmazlığının ciddi problem olaraq qaldığını deyib.
Onun sözlərinə görə, aclığın qarşısı müəyyən qədər alınsa da, uşaqlar üçün lazım olan keyfiyyətli və müxtəlif qidaların çatdırılması mümkün olmur. Uşaqlar əsasən çörəklə qidalanır və gündə cəmi iki növ ərzaq məhsulu istehlak edə bilirlər.
UNICEF rəsmisi həmçinin qeyd edib ki, Qəzzada su təchizatı sistemi demək olar ki, tamamilə dağıdılıb:
"Təşkilat bu sahədə bərpa işləri aparmağa çalışsa da, lazımi materialların bölgəyə gətirilməsi ilə bağlı ciddi məhdudiyyətlər mövcuddur. Nəticədə, atəşkəsdən doqquz ay keçməsinə baxmayaraq, əhali hələ də təmiz su problemi ilə üzləşir".
Elder bildirib ki, ağır yaşayış şəraiti səbəbindən uşaqlar daim xəstələnir, minlərlə insan isə hələ də çadırlarda yaşamağa məcburdur.
UNICEF sözçüsü atəşkəs adlandırılan dövrün əslində ölüm və zorakılıqla müşayiət olunduğunu vurğulayaraq deyib ki, bu müddətdə hər gün orta hesabla bir uşaq həyatını itirir.
Onun sözlərinə görə, ötən şənbə iki bacı öldürülüb, son həftədə isə pilotsuz uçuş aparatları və bombardmanlar nəticəsində daha çox uşaq hədəfə çevrilib.
Elder qeyd edib ki, atəşkəs dövrünün başlanmasından bəri 260-dan çox qız və oğlan uşağı həlak olub.
O, həmçinin vurğulayıb ki, Qəzzada uşaqlar nə evlərində təhlükəsizdir, nə də normal təhsil ala bilirlər. Hazırda uşaqların yalnız təxminən yarısı məktəbə gedə bilir.
UNICEF rəsmisinin sözlərinə görə, Qəzzada heç bir uşaq gündə üç dəfə, orqanizmin ehtiyac duyduğu bütün qida maddələrini ehtiva edən yemək yeyə bilmir.
O bildirib ki, bölgədəki atəşkəsin ən böyük nəticəsi Qəzzanın dünya mediasının gündəmindən çıxması olub və bu, fələstinlilər üçün ağır nəticələr doğurub.
Elder əlavə edib ki, Qəzzada dağıntıların miqyası son dərəcə böyükdür:
"Hazırda hər 10 evdən 9-u, eləcə də hər 10 xəstəxana və məktəbdən 9-u ya zədələnib, ya da tamamilə dağıdılıb".