Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun 2023-cü ilin oktyabrından bəri davam edən hərbi əməliyyatları nəticəsində baş verən itkilərlə bağlı yenilənmiş statistik məlumatları açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əldə olunmuş atəşkəs rejiminə baxmayaraq, son 24 saat ərzində İsrailin tətbiq etdiyi zərbələr nəticəsində daha 6 nəfər həlak olub, 26 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Nazirliyin rəsmi bəyanatında qeyd olunur ki, 2025-ci il oktyabrın 10-da atəşkəs razılaşmasının qüvvəyə minməsindən bu günədək həyata keçirilən hücumlar nəticəsində 1 460 nəfər həyatını itirib, 5 116 nəfər yaralanıb. Eyni zamanda, axtarış-xilasetmə tədbirləri çərçivəsində dağıntılar altından 836 nəfərin cəsədi çıxarılıb.
Beləliklə, 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında həlak olanların ümumi sayı 74 243-ə, xəsarət alanların sayı isə 175 232 nəfərə çatıb. Məlumatda dağıntılar altında hələ də minlərlə cəsədin qaldığı bildirilir.