15 sentyabr Azərbaycanın paytaxtı Bakının azad edilməsinin ildönümüdür.1918-ci ildə Osmanlı dövləti bolşevik və erməni qüvvələrinin nəzarətində olan Bakının azad edilməsi üçün Qafqaz İslam Ordusunu bölgəyə göndərib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 1918-ci ilin martında Bakıda erməni və bolşevik birlikləri tərəfindən törədilən qırğınlardan sonra Azərbaycan mayın 28-də müstəqilliyini elan edib.
Yeni yaradılmış dövlətin müdafiəsi üçün hərbi nazir Ənvər paşanın göstərişi ilə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu yaradılıb. Almaniyanın Bakı neftinə görə göstərdiyi siyasi təzyiqlərə baxmayaraq, ordunun irəliləyişi davam etdirilib, Gəncə, Şamaxı, Kürdəmir və Salyan istiqamətlərində uğurlu əməliyyatlar keçirilib.
Bildirilib ki, 15 sentyabr 1918-ci ildə 30 saat davam edən həlledici hücumla Bakı işğaldan azad edilib və əməliyyat zamanı 1130 şəhid verilib. Bu tarixi zəfər Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Bakıya köçürülməsinə və müstəqilliyinin möhkəmlənməsinə şərait yaradıb. Həmin qəhrəmanların xatirəsi bu gün də Azərbaycandakı türk şəhidliklərində müqəddəs əmanət kimi qorunub saxlanılır.