Azərbaycanda qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) müddəti 3 ildən 6 ayadək azaldılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik edilməsi təklif edilib.
Dəyişiklik layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə olunub.
Təqdim edilən qanun layihəsinin əsas məqsədi MAXE xidmətinə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.
Bildirilib ki, qüvvədə olan qanunun 38.1.2-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən qadınlar üçün ilkin bağlaşma müddəti 3 il müəyyən edilib.
Praktikada kişi cinsli vətəndaşlar MAXE-yə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli xidmət keçmədən birbaşa qəbul edildikləri üçün ilkin mərhələdə çətinliklərlə üzləşirlər.
Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması, onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur. Bu da sonradan əsasən ailə vəziyyəti səbəbindən hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Qeyd olunanlar nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunur. Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına və kadr axınının azaldılmasına xidmət edəcək.