Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin çərşənbə günü Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində Qərbin iqtisadi təzyiqlərinə qarşı çıxıblar. Putin sanksiyaları tənqid edib, Si Cinpin isə proteksionizmin əleyhinə danışıb.
AnewZ-nin məlumatına görə, Si Cinpinin çıxışından az sonra APEC-in CEO Sammitində çıxış edən Putin Qərbin iqtisadi siyasətini tənqid edib və Avropanın qlobal nüfuzunu itirdiyini iddia edib.
Putin Qərb dövlətlərini “keçmiş hegemonlar” adlandırıb, Avropanın isə “alçaldıcı tənəzzül” yaşadığını söyləyib. Onun sözlərinə görə, Ukraynaya müdaxiləsindən sonra Rusiyaya tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatını zəiflətmək əvəzinə gücləndirib.
“Təcrübə göstərib ki, iqtisadi hökmranlığın ənənəvi alətləri və faktiki məcburetmə üsulları, əsasən, öz təsirini itirib”, – Putin deyib. O əlavə edib ki, sanksiyalar, tariflər və ixrac məhdudiyyətləri “artımın qarşısını ala bilmir”.
Putin Moskvaya qarşı sanksiyaların tətbiqində əsas rol oynayan Avropa İttifaqının sənaye potensialının azaldığını və qlobal rəqabətdə çətinlik çəkdiyini bildirib.
Rusiya iqtisadiyyatının dayanıqlılığına sübut kimi ölkənin ABŞ dolları və avrodan asılılığının azalmasını göstərən Putin, Moskvanı Asiya-Sakit Okean regionu üçün əsas ticarət tərəfdaşı kimi təqdim edib.
Putinin çıxışından az əvvəl Ukraynanın zərbəsi Krımı Rusiyanın əsas hissəsi ilə birləşdirən Kerç avtomobil körpüsünü sıradan çıxarıb. Müharibə beşinci ilinə qədəm qoyarkən bu hadisə Moskva üçün ciddi zərbə olub.
Si Cinpin açıq bazarlara çağırıb
Si Cinpin Çini etibarlı iqtisadi tərəfdaş kimi təqdim edərək beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və qlobal ticarət qaydalarının gücləndirilməsinə çağırıb.
“Ümumdünya Ticarət Təşkilatının əsas rol oynadığı qaydalara söykənən çoxtərəfli ticarət sistemini qətiyyətlə müdafiə etməliyik”, – Çin lideri deyib.
Si Cinpin tariflərin azaldılacağına və Çin bazarlarının daha da açılacağına söz verib, proteksionizmi və birtərəfli ticarət tədbirlərini rədd edib.
Onun mövqeyi ABŞ Prezidenti Donald Trampın administrasiyasının yanaşmasından kəskin fərqlənib. Vaşinqton tarifləri artırıb və Çinin qabaqcıl süni intellekt çiplərinə, o cümlədən “Nvidia” şirkətinin istehsal etdiyi çiplərə çıxışına məhdudiyyətləri sərtləşdirib.
Son məhdudiyyətlər dünyanın iki ən böyük iqtisadiyyatı arasında onsuz da kövrək olan ticarət atəşkəsini təhdid edir. Pekin cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
Qərb hökumətləri Çinin illik ticarət profisitinin 1 trilyon dolları keçməsindən də narahat olduqlarını bildiriblər. Onların fikrincə, bu vəziyyət yerli sənaye sahələrinə zərər vurur və iş yerlərini təhlükə altına alır.
Putin və Si Cinpin ikitərəfli görüş keçirib
Putin və Si Cinpin sammit çərçivəsində iki saatdan çox davam edən ikitərəfli danışıqlar aparıblar. Rusiya dövlət xəbər agentliyi TASS-ın məlumatına görə, görüşdən sonra Si Cinpin Pekin və Moskvanın “çoxqütblü dünyaya doğru tendensiyaya rəhbərlik etməli və onu irəli aparmalı” olduğunu deyib. Hər iki lider daha ədalətli beynəlxalq nizamın tərəfdarı olduqlarını bildiriblər.
Çin Rusiyanın ən böyük ticarət tərəfdaşı və Rusiya enerji daşıyıcılarının əsas alıcılarından biri olaraq qalır. Qərbin sanksiyaları fonunda bu ticarət Moskva üçün mühüm iqtisadi dayaqdır.
Diqqət indi cümə axşamı Donald Tramp, Si Cinpin və Putinin planlaşdırılan görüşünə yönəlib. Üç liderin dünyanın ən aktual geosiyasi və iqtisadi çağırışlarını müzakirə edəcəyi gözlənilir.
Gözlənilən gündəliyə Rusiyanın Ukraynadakı müharibəsi, ABŞ və İsrailin İranla müharibəsi, ticarət gərginliyi, süni intellekt və nüvə silahlarına nəzarət məsələləri daxildir. Bununla belə, ciddi irəliləyiş əldə ediləcəyi gözləntiləri aşağıdır.
Bəzi şərhçilər planlaşdırılan görüşü 1945-ci ildə müttəfiq liderlərin müharibədən sonrakı beynəlxalq nizamı və təsir dairələrini müzakirə etdiyi Yalta konfransı ilə müqayisə ediblər.
Kreml bu müqayisəni “politoloqların oyunları” adlandıraraq rədd edib, lakin danışıqların qlobal məsələlərə geniş təsir göstərə biləcəyini qəbul edib. Pekin isə görüşün dünya sülhünün təşviqinə kömək edəcəyini bildirib.
Üç liderin görüşmək ehtimalı Avropa və Asiyanın paytaxtlarında da narahatlıq yaradıb. Rəsmilər qlobal təhlükəsizlik və ticarətə təsir edən qərarların onların iştirakı olmadan qəbul edilə biləcəyindən ehtiyat edirlər.