Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ABŞ Prezidenti ilə görüşünün bəzi detalları barədə məlumat verən Zelenski müharibənin mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıb.
"Düşünürəm ki, hamımız mümkün qədər tez hərəkətə keçməliyik", - Zelenski deyib.
Ukrayna Prezidenti Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün liderlərin bir araya gəlməsinin vacib olduğunu bildirib.
Zelenski Putinlə görüşməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, Tramp ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi istiqamətində iş apara bilər.
Ukrayna lideri belə bir görüşün keçirilməsi halında üç ölkənin rəhbərinin müharibə ilə bağlı ən mühüm məsələləri müzakirə edə biləcəyini bildirib.
"Üçtərəfli görüşə hazıram, amma Putinin buna hazır olduğunu düşünmürəm. O, müharibəni başa çatdırmağa hazır deyil", - Zelenski deyib.
Zelenski Tramp ilə görüş zamanı müharibə çərçivəsində enerji obyektlərinə qarşı hücumların dayandırılması məsələsinin də müzakirə edildiyini bildirib.
"Rusiya enerji sektorumuzu hədəfə almadığı təqdirdə, enerji atəşkəsinə hazırıq", - Ukrayna Prezidenti qeyd edib.
Zelenskinin sözlərinə görə, belə bir atəşkəsin əldə olunması üçün Ukraynanın təklifləri ABŞ tərəfindən Rusiyaya çatdırılacaq.
Ukrayna Prezidenti həmçinin xatırladıb ki, daha əvvəl ABŞ-dən "Patriot" hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərin istehsalı üçün müvafiq lisenziya istəyiblər.
O, bununla bağlı ABŞ-nin aidiyyəti rəsmiləri ilə işlərin davam etdiyini bildirib.