Dünya Kubokunun başlamasına bir neçə gün qalmış Mexiko şəhərində genişmiqyaslı etiraz aksiyaları və nəqliyyat blokadaları ciddi xaos yaradıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, müəllimlər, keçmiş hakimlər və digər qrupların təşkil etdiyi etirazlar şəhərin əsas prospektlərini iflic edib və turnirin açılış oyununun keçiriləcəyi ərazilərdə hərəkəti çətinləşdirib.
Bildirilir ki, Meksika və Cənubi Afrika arasında keçiriləcək Dünya Kubokunun açılış oyunu iyunun 11-də Mexikodakı “Azteca” stadionunda baş tutacaq.
Etirazçılar son günlər İnsurgentes prospekti və Paseo de la Reforma kimi şəhərin əsas yollarını bağlayaraq kütləvi yürüşlər keçirirlər. Onlar bildirsələr də ki, aksiyaların turnirlə birbaşa əlaqəsi yoxdur, hakimiyyət tələblər yerinə yetirilməsə, etirazların daha da genişlənə biləcəyini açıqlayıb.
Milli müəllimlər həmkarlar ittifaqının CNTE qanadı isə sosial şəbəkələrdə Dünya Kubokunun açılış günü geniş etirazlara çıxacaqları barədə xəbərdarlıq edib.
Etirazçıların əsas tələbi 2007-ci il pensiya islahatının ləğvi və əməkhaqqının artırılmasıdır. Eyni zamanda, 2024-cü il məhkəmə islahatından sonra narazı qalan təqaüdçü hakimlər də Mexiko mərkəzində kompensasiya və pensiya tələbi ilə aksiyalar keçirirlər.
Prezident Klaudiya Şeynbaum isə gündəlik çıxışında təzyiqlərə boyun əyməyəcəyini və etirazların qarşısını almaq üçün güc tətbiq etməyəcəyini bildirib.
Meksika Dünya Kuboku çərçivəsində ümumilikdə 13 oyuna ev sahibliyi edəcək.