Vaşinqtonda iki günlük danışıqlardan sonra Livan və İsrail arasında atəşkəs üzrə razılaşma əldə olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, razılaşma Livanın ABŞ-dakı səfiri Nada Hamadeh Moavad və İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter arasında aparılan müzakirələrdən sonra elan edilib.
Bildirilib ki, razılaşmanın şərtlərinə əsasən, “Hizbullah” hərbi əməliyyatları dayandırmalı və Livanın cənubundan, sərhəd bölgəsindən Litani çayına qədər geri çəkilməlidir.
Tərəflər həmçinin Livan Silahlı Qüvvələrinin əraziyə tam nəzarət etməsini təmin edəcək “pilot zonaların” yaradılması barədə razılığa gəliblər.
ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub ki, bu addımlar sülh və təhlükəsizlik üzrə daha geniş və hərtərəfli razılaşmaya doğru mühüm irəliləyiş ola bilər.
Həmçinin vurğulanıb ki, Livan və İsrail bir-birinə qarşı düşmənçilik niyyətinin olmadığını təsdiqləyərək, bütün açıq məsələlərin həlli və davamlı sülh üçün birbaşa danışıqları davam etdirməyə sadiq qaldıqlarını bildiriblər.