ABŞ Prezidenti Donald Tramp Ankaraya səfər edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Donald Trampı daşıyan təyyarə Ankara hava limanına eniş edib. ABŞ liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi qarşılanma mərasimi ilə qarşılayıb.
Məlumata görə, mərasim zamanı Donald Trampın Mühafizə Alayı Tören Kıtasını türkcə “Merhaba asker” ifadəsi ilə salamlaması diqqət çəkib. Daha sonra hər iki lider Şərəf Salonuna keçərək xatirə fotosu çəkdirib.
Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gələn Donald Tramp iki günlük səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirəcək. Danışıqlar zamanı Türkiyə-ABŞ strateji tərəfdaşlığı, müdafiə sahəsində əməkdaşlıq, ticarət və investisiya məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir.
Bildirilib ki, liderlər qlobal və regional proseslərlə bağlı fikir mübadiləsi aparacaq, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində mümkün addımları müzakirə edəcəklər.
Səfərin ikinci günü Donald Tramp NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak edəcək. ABŞ Prezidenti rəsmi qarşılanma mərasiminə və “ailə fotosu” çəkilişinə qatıldıqdan sonra NATO Liderlərinin İşçi Sessiyasına qoşulacaq.
Günün ikinci yarısında Trampın Ukrayna Prezidenti Vladimir Zelenski və Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ayrıca görüşlər keçirəcəyi gözlənilir.
Ankaradakı görüşlərini başa vurduqdan sonra ABŞ Prezidenti mətbuat konfransı keçirərək aparılan danışıqlar və NATO Zirvəsinin nəticələri ilə bağlı açıqlamalar verəcək. Daha sonra Donald Trampın Vaşinqtona yola düşəcəyi bildirilir.