Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskinin siyasi mövqeyini tənqid edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan mətbuat konfransında Lavrov Zelenskini özünü “faciəvi obrazda” təqdim etməkdə ittiham edib.
Məlumata görə, Lavrov keçmiş “Kvartal 95” rəhbəri olan Zelenskinin hazırda siyasi arenada faciəvi rol oynadığını iddia edib. Onun sözlərinə görə, bu yanaşma cəmiyyəti baş verən proseslərin mümkün nəticələrinə hazırlamaq məqsədi daşıyır.
Rusiya XİN rəhbəri daha əvvəl də Zelenskinin siyasətini tənqid edərək, onun yalnız hakimiyyətdə qalmaq və şəxsi maraqlarını qorumaq barədə düşündüyünü iddia edib.
Lavrov NATO Baş katibi Mark Rutte barədə də açıqlamalar verib. O, Rutte-nin Rusiya ilə bağlı bəyanatlarında istehza və satirik üslubdan istifadə etdiyini bildirib. Rusiya diplomatiyasının rəhbəri NATO rəhbərinin bu davranışlarını ironik şəkildə şərh edərək, onun “aktyorluq qabiliyyətlərinə” baxmayaraq, “Kvartal 95” kollektivində işə qəbul olunmayacağını söyləyib.