ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik təhdidləri səbəbilə iyulun 8-də NATO sammitindən sonra Türkiyədən ayrılarkən təyyarəsini dəyişdirdiyi barədə yayılan məlumatları təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Tramp bildirib ki, qərar ABŞ Məxfi Xidmətinin göstərişi ilə qəbul edilib.
“Bu, tamamilə Məxfi Xidmətin işidir. Mən sadəcə onların göstərişlərinə əməl edirəm. Məxfi Xidmətin və hərbçilərin təlimatlarını yerinə yetirirəm. Onlar başqa reyslə, başqa təyyarə ilə uçmağımı istədilər. Mühafizə eyni idi, lakin bunu etməyimi istədilər və mən də belə etdim”, -o qeyd edib.
ABŞ Prezidenti uçuşun dəyişdirilməsinin konkret səbəbi ilə bağlı əlavə məlumatı olmadığını bildirib:
“Düşünürəm ki, hansısa təhdid olub. Bununla bağlı çox sual vermədim. Mənə tez-tez təhdidlər gəlir. Əslində mənim uçduğum təyyarə daha böyük təhlükə altında idi, məhz o təyyarənin hədəfə alınması ehtimalı daha yüksək idi”.
Qeyd edək ki, ABŞ mediasında yayılan məlumatlara görə, NATO-nun Ankaradakı sammitindən sonra İrandan mümkün sui-qəsd təhdidi səbəbilə Tramp prezident təyyarəsindən gizli şəkildə hərbi təyyarəyə keçirilib.
Bildirilib ki, bu əməliyyat təyyarə üçün iaşə məhsullarının daşınmasında istifadə olunan yük maşınının köməyi ilə həyata keçirilib. Hətta Trampın komandasının bəzi üzvlərinin də bu əməliyyatdan xəbərsiz olduğu qeyd olunur.
Məlumatların yayılmasından sonra bəzi televiziya şərhçiləri prezident təyyarəsində uçan Trampın köməkçilərinin və jurnalistlərin təhlükə altında olub-olmadığını gündəmə gətiriblər.