ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ-yə məxsus hərbi bazanın yaradılması imkanını nəzərdən keçirdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, məsələ hazırda nəzərdən keçirilir:
"Biz bu məsələni nəzərdən keçiririk. Polşa prezidentinə böyük hörmətimiz var. Buna görə də məsələni araşdırırıq və bu baş verə bilər".
ABŞ lideri qərarın niyə hələ qəbul edilmədiyi ilə bağlı suala cavabında isə belə bir qərarın artıq qəbul edilmiş ola biləcəyini istisna etməyib.
Bundan əvvəl Polşanın Müdafiə Nazirliyi ölkədə daimi ABŞ hərbi bazasının yaradılması ilə bağlı qərarın 2026-cı ilin sonunadək gözlənildiyini açıqlamışdı.
Avqustun sonunda Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski Pentaqon rəhbərinin müavini Elbridge Colby ilə danışıqlar aparıb. Görüşün əsas mövzularından biri Polşada daimi ABŞ hərbi bazalarının yerləşdirilməsi olub.
Polşa Müdafiə Nazirliyi daha əvvəl Varşavanın ölkədə daimi ABŞ hərbi bazalarının yerləşdirilməsində maraqlı olduğunu və bunun üçün bir neçə mümkün ərazi təklif etdiyini bildirmişdi.