Almaniyanın siyasi arenasında gərginlik artır. Kansler Fridrix Mersin gələcəyi qarşıdakı regional seçkilər fonunda müzakirə mövzusuna çevrilib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Politico” nəşrinə danışan mühafizəkar siyasətçilərin fikrincə, 2026-cı ilin sentyabrında Şərqi Almaniyada keçiriləcək seçkilər Mersin siyasi karyerası üçün həlledici mərhələ ola bilər.
Məlumata görə, Berlin, Meklenburq-Ön Pomeraniya və Saksoniya-Anhalt torpaqlarında keçiriləcək seçkilər ölkənin siyasi balansına ciddi təsir göstərə bilər. Sorğulara əsasən, müxalifətdə olan sağçı “Alternativ üçün Almaniya” (AfD) partiyası bu bölgələrdə təxminən 40 faiz səs toplamaq imkanına malikdir.
Bu ehtimal hakim Xristian Demokrat İttifaqında (XDU) ciddi narahatlıq yaradıb. Bildirilir ki, partiya daxilində artıq kanslerin dəyişdirilməsi ilə bağlı qeyri-rəsmi müzakirələr başlayıb.
Mənbələr qeyd edir ki, narazılığın əsas səbəbləri arasında hökumətin siyasətinə olan inamın azalması və AfD-nin hakimiyyətə yaxınlaşacağı təqdirdə partiya daxilində yaranacaq parçalanma riski göstərilir. Lakin hazırda XDU-nun yüksək vəzifəli nümayəndələrindən heç biri açıq şəkildə Mersə qarşı çıxış etməyib.
Bundan əlavə, “Der Spiegel” nəşri XDU rəhbərliyindəki mənbələrə istinadən kanslerin Milad bayramına qədər istefa verə biləcəyini iddia edib. Nəşrin məlumatına görə, Mersin partiya daxilində nüfuzu zəifləyib və onun ünvanına daxili tənqidlər artıb.
Qeyd edək ki, qarşıdakı regional seçkilərin nəticələri Almaniyanın gələcək siyasi kursuna və Fridrix Mersin kansler postunda qalmaq perspektivinə ciddi təsir göstərə bilər.