Afrika qitəsinin liderləri Şərqi Afrikada sürətlə yayılan Ebola epidemiyasına qarşı mübarizəni gücləndirmək üçün 518 milyon dollarlıq təcili reaksiya planını dəstəkləyiblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, virtual formatda keçirilən yüksək səviyyəli sammitdə virusun artıq 800 yoluxma halına və 200 yeni ölümə səbəb olduğu vurğulanıb.
İclasın əsas məqsədi regional koordinasiyanı yaxşılaşdırmaq və səhiyyə sistemlərinin hazırlıq səviyyəsini yüksəltmək olub.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa çıxışı zamanı gecikmiş addımların lokal xarakterli bir xəstəliyi qlobal böhrana çevirə biləcəyi barədə xəbərdarlıq edib.
O, mübarizənin virusun ötürülmə zəncirinin qırılmasına və xəstəliyin mənbəyində məhv edilməsinə yönəlməli olduğunu bildirib.
Bu çərçivədə, Cənubi Afrikanın epidemiyaya qarşı ayırdığı maliyyə dəstəyi 5 milyon dollardan 13,5 milyon dollara çatdırılıb.
“Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri”nin (Africa CDC) baş direktoru Jan Kaseya isə vəziyyətin ciddiliyini vurğulayaraq, Qərbi Afrika və Konqo Demokratik Respublikasında əvvəllər yaşanan faciəvi ssenarilərin təkrarlanmaması üçün epidemiyanın ən qısa zamanda nəzarət altına alınmasının vacibliyini qeyd edib.