Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İstanbulda keçirilən NATO Parlament Assambleyasının Zirvə toplantısında Yaxın Şərqdəki gərginlik və alyans daxilindəki əməkdaşlıq məsələləri ilə bağlı çıxış edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Numan Kurtulmuş çıxışı zamanı İsrail hökumətinin yürütdüyü siyasətin yalnız fələstinlilər üçün deyil, bütövlükdə dünya sülhü və təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. O, regionda həyata keçirilən hücumların dərhal dayandırılmasının qlobal sabitliyin təmin olunması baxımından vacib olduğunu vurğulayıb.
Bununla yanaşı, TBMM sədri NATO daxilində bəzi müttəfiq dövlətlərin tətbiq etdiyi embarqoları da tənqid edib. Kurtulmuş bu məhdudiyyətlərin birtərəfli və mənasız olduğunu bildirərək, belə addımların alyansın əsas prinsiplərinə uyğun gəlmədiyini qeyd edib.
O, müttəfiq ölkələrin daha ədalətli və ortaq yanaşma nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, NATO daxilində həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.