Tarixi zəfərimizdən sonra indi də Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış prosesinin şahidiyik. Hazırda bu qayıdış prosesi ilə birbaşa bağlı olan, strateji əhəmiyyətli bir qanun layihəsini müzakirə edirik.
“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Elman Nəsirov deyib.
"Bütün dünya görür ki, Azərbaycan qurucu dövlətdir. Hazırda geri qayıdan 85 min insanın arasında tələbələr, orada işləyən şəxslər və birbaşa daimi məskunlaşan sakinlər var. Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas özəlliyi mənzillərin vətəndaşlara mülkiyyət hüququ ilə verilməsinin hüquqi baxımdan təsbit edilməsidir. Bu qanunla vətəndaşlarımız artıq tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər. Bu, olduqca vacib məsələdir.