NATO Rumıniyada yaşayış binasının damına pilotsuz uçuş aparatının düşməsi ilə nəticələnən hadisədən sonra Avropanın şərq cinahındakı hərbi qüvvələrini artırmaq niyyətindədir. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri, admiral Cüzeppe Kavo Draqone məlumat verib.
Admiral şərq cinahının müdafiəsinin gücləndirilməsi üçün artıq konkret addımların atıldığını bildirib: "NATO artıq şərq cinahını gücləndirmək üçün addımlar atır. Bəli, biz bunu təşkil edirik".
Cüzeppe Kavo Draqone alyansın Baltik dənizindən Qara dənizə qədər uzanan vahid bir müdafiə sistemi yaratmağı hədəflədiyini vurğulayıb. Bununla belə, o, sözügedən sistemin texniki detalları və cəlb olunacaq qüvvələrin tərkibi barədə ətraflı məlumat verməyib. Admiral qeyd edib ki, NATO mövcud vəziyyətə uyğun ən effektiv əks-tədbirləri müəyyən edərək tətbiq etməkdədir.
Xatırladaq ki, mayın 29-da Rumıniya Müdafiə Nazirliyi Qalati şəhərində yerləşən yaşayış binasının damına pilotsuz təyyarənin düşməsi faktını təsdiqləyib. Buxarest rəsmiləri baş verən hadisədə Rusiyanı ittiham edib.