"NATO Rumıniyada yaşayış binasının damına pilotsuz təyyarənin düşməsi hadisəsindən sonra Avropanın şərq cinahına daha çox qüvvə yerləşdirmək niyyətindədir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin rəhbəri, italyan admiralı Cüzeppe Kavo Draqone deyib.
"NATO artıq şərq cinahını gücləndirmək üçün addımlar atır. Bəli, biz bunu təşkil edirik", - o qeyd edib.
Admiral əlavə edib ki, alyans Baltik dənizindən Qara dənizə qədər hər şeyi birləşdirəcək bir sistem yaratmaq niyyətindədir.
O, hansı qüvvələrdən danışdığını və təklif olunan sistem haqqında ətraflı məlumat verməyib.
Draqone qeyd edib ki, NATO dəqiq nəyi nəzərdə tutduğunu açıqlamadan ən yaxşı əks tədbirləri öyrənir və tətbiq edir.
Xatırladaq ki, mayın 29-da Rumıniya Müdafiə Nazirliyi Qalati şəhərindəki çoxmənzilli binanın damına pilotsuz təyyarənin düşdüyünü bildirib. Buxarest hadisədə Rusiyanı günahlandırıb.