Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında yeni publik hüquqi şəxs – Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla qurumun Nizamnaməsi də təsdiq olunub.
Agentliyin nizamnamə fondu cari ilin dövlət büdcəsində müvafiq dövlət orqanı üçün nəzərdə tutulmuş və öhdəliklərin icrasından sonra istifadə olunmamış vəsaitlər hesabına formalaşdırılacaq. Qurumun idarəetməsi sədr və 3 müavindən ibarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək.
Fərmana əsasən, təsisçinin səlahiyyətləri aşağıdakı istiqamətlərdə Azərbaycan Prezidentinə həvalə edilib:
- Agentliyin nizamnaməsinin təsdiqi, nizamnamə fondunun müəyyən edilməsi və onlarda dəyişikliklərin edilməsi;
- İdarəetmə orqanlarının formalaşdırılması;
- Qurumun yenidən təşkili və ya ləğvi.
Nazirlər Kabinetinə tapşırılıb ki, Agentliyin dövlət qeydiyyatına alınmasından sonrakı bir ay müddətində müvafiq əmlakın qurumun balansına verilməsini təmin etsin. Həmçinin, Agentliyin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq dövlət başçısına təqdim edilməsi nəzərdə tutulub.