Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ebola virusu mutasiyaya uğrayıb?

5 dəq
Paylaş:
Ebola virusu mutasiyaya uğrayıb?

Respublikasında (KDR) davam edən iri miqyaslı Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 4 mini ötüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər virusun mutasiyaya uğramış ola biləcəyindən narahatdır.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) mərhələli tədbirlər dövrünün başa çatdığını açıqlayaraq epidemiyaya qarşı cavab planının ən yüksək səviyyəyə qaldırılacağını bildirib.

Epidemiyaya Ebola virusunun səbəb olub. İlk rəsmi yoluxma halı mayın 15-də qeydə alınsa da, mütəxəssislər xəstəliyin əslində yanvar ayından etibarən yayılmağa başlamış ola biləcəyini istisna etmirlər.

Avqustun 4-nə olan vəziyyətə əsasən ölkədə 3 973 yoluxma və 1 801 ölüm qeydə alınıb.

Africa CDC-nin Baş direktoru Dr. Jan Kaseya da keçirdiyi konfransında təsdiqlənmiş yoluxmaların sayının artıq 4 mini keçdiyini açıqlayıb.

Bu, hazırkı epidemiya tarixdə qeydə alınan ikinci ən böyük Ebola epidemiyası hesab olunur.

Mövcud statistika göstərir ki, 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş, 28 mindən çox insanın yoluxduğu və 11 mindən çox şəxsin həyatını itirdiyi epidemiyanın 11-ci həftəsi ilə müqayisədə hazırkı epidemiyada yoluxma sayı səkkiz, ölüm sayı isə altı dəfə çoxdur.

Dr. Kaseya bildirib ki, o, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus ilə məsələni müzakirə edib və virusun mutasiyaya uğrayıb-uğramadığını müəyyənləşdirmək üçün elmi araşdırmalar aparılacaq.

"Bundibuqyo ştammının yaratdığı bu epidemiya görünməmiş dərəcədə ağırdır", - Kaseya vurğulayıb.

Məlumata görə, Ebola səbəbindən baş verən ölümlərin üçdə ikisindən çoxu müalicə mərkəzlərində deyil, icmalar daxilində qeydə alınır.

İturi əyalətinin paytaxtı Buniya şəhərində "Sərhədsiz Həkimlər" təşkilatının idarə etdiyi müalicə mərkəzində xəstəxanaya yerləşdirilən xəstələrin 90 faizinin rəsmi təmaslı siyahılarında olmadığı müəyyən edilib. Bu isə nəzarətdən kənar yoluxma zəncirinin geniş yayıldığını göstərir.

Kaseya əlavə edib ki, ölkədə təmaslıların izlənilməsi ciddi problemlərlə üzləşir. Onun sözlərinə görə, hər bir Ebola xəstəsi üçün orta hesabla 40 təmaslı müəyyən edilməli olduğu halda, hazırda cəmi 10 nəfər izlənilə bilir.

Qusma, ishal, daxili qanaxma və orqan zədələnməsinə səbəb olan Ebola virusu əsasən silahlı qarşıdurmaların yaşandığı və mədənlərin yerləşdiyi İturi əyalətində yayılıb. Xəstəlik daha sonra Şimali Kivu, Cənubi Kivu, Ot-Uele və Tşopo əyalətlərinə də yayılıb. Qonşu Uqandada isə epidemiya nəzarət altına alınana qədər 20 yoluxma halı qeydə alınıb.

Africa CDC-nin Fövqəladə Hallara Hazırlıq və Cavab üzrə müvəqqəti rəhbəri Dr. Vessam Mankula bildirib ki, bundan sonra epidemiya ilə mübarizə strategiyası dəyişəcək. Təmaslıların izlənilməsi ilə yanaşı, aktiv yoluxmaların aşkar edilməsi üçün səhiyyə işçiləri evləri qapı-qapı gəzərək Ebola əlamətləri göstərən şəxsləri müəyyənləşdirəcəklər.

Onun sözlərinə görə, mərhələli tədbirlər artıq kifayət etmir və müdaxilə tədbirlərinin miqyası genişləndirilir.

Dr. Kaseya isə yerli icmaları, rəqəmsal izləmə vasitələrini və məcburi köçkün düşərgələrində görüləcək tədbirləri əhatə edən kəndlər mərkəzli yeni fəaliyyət planının həyata keçiriləcəyini bildirib.

Səlahiyyətli qurumlar həmçinin xəstələrin müalicəsində humanitar istifadə məqsədilə Remdesivir antiviral preparatından istifadə olunacağını açıqlayıblar. Digər Ebola ştammına qarşı qeydiyyatdan keçmiş Ervebo peyvəndinin Bundibuqyo ştammına qarşı da xəstəliyin gedişini yüngülləşdirdiyini və peyvənd olunan şəxslər arasında ölüm hallarının qeydə alınmadığını göstərən ilkin nəticələr əsasında onun bölgədə tətbiqi sınaqdan keçiriləcək.

Bütün bunlarla yanaşı, Konqo Demokratik Respublikasının hakimiyyəti ölkənin şimal-şərqindən paytaxt Kinşasaya hərəkət edən gəmidə baş vermiş şübhəli Ebola ölümü ilə bağlı araşdırmaya başlayıb. Gəmidə olan digər sərnişinlər karantinə alınıb və laborator müayinədən keçiriləcəklər.

UNICEF isə epidemiyanın dolayı təsirlərinin də ciddi narahatlıq doğurduğunu bildirib. Qurumun məlumatına görə, insanlar yoluxmaq qorxusu və səhiyyə xidmətlərində yaranan fasilələr səbəbindən tibb müəssisələrinə müraciət etməkdən çəkinirlər. Epidemiyanın mərkəzi hesab olunan Monqbvalu qəsəbəsində uşaqlar arasında qızılcaya qarşı ilk doza peyvəndlənmə səviyyəsi 69 faiz azalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax