Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətinin Bunia şəhərində yeni Ebola müalicə mərkəzi fəaliyyətə başlayır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 100 çarpayılıq tutuma malik olan və təxminən 300 tibb işçisinin çalışacağı mərkəzin virusa yoluxma hallarının böyük hissəsinin qeydə alındığı regionda müalicə imkanlarını genişləndirməsi nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, may ayından etibarən ölkədə 3 800-dən çox Ebola yoluxması qeydə alınıb, 1 700-dən çox insan isə həyatını itirib. Hökumət rəsmiləri yeni tibb müəssisəsinin həddindən artıq yüklənmiş səhiyyə sisteminin yükünü azaltmağa kömək edəcəyini bildiriblər.
Məlumata görə, alimlər hazırda epidemiyaya səbəb olan nadir Bundibugyo ştammına qarşı effektiv müalicə üsulu və peyvənd hazırlanması istiqamətində tədqiqatları davam etdirirlər. Hazırda bu ştamm üçün təsdiqlənmiş peyvənd mövcud deyil. Bununla yanaşı, ALIMA və Sərhədsiz Həkimlər (MSF) təşkilatlarının dəstəyi ilə klinik sınaqlar aparılır. Həmçinin Oxford University və Serum Institute of India tərəfindən hazırlanan peyvənd Böyük Britaniyada ilk insan sınaqlarına başlayıb, Moderna şirkətinin hazırladığı namizəd peyvəndin isə Kanadada sınaqdan keçirilməsi planlaşdırılır.
Bildirilib ki, regiondakı təhlükəsizlik problemləri və yerli əhalinin səhiyyə qurumlarına inamsızlığı epidemiya ilə mübarizəni çətinləşdirir. Son günlərdə BMT-nin Dünya Ərzaq Proqramına məxsus helikopterin enişinə maneə törədilməsi, eləcə də tibb mərkəzlərinə hücumlar qeydə alınıb. Bundan əlavə, Bunia, Rvampara və Monqbvalu şəhərlərində çalışan tibb işçiləri maaşlarının üç aydır ödənilmədiyini bildirərək etiraz aksiyaları keçiriblər. Onlar bu vəziyyətin Ebola ilə mübarizəyə mənfi təsir göstərdiyini vurğulayıblar.