Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıdakı "İdrak" liseyində şagird müəllimi güllələyib.
Bununla bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Milli Məclisin deputatı Vasif Qafarov “İdrak” liseyində müəllimin güllələnməsi faktının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu bildirib.
Onun sözlərinə görə, bu hadisə təkcə cinayət hadisəsi kimi deyil, eyni zamanda təhsil müəssisələrində təhlükəsizlik sisteminin zəifliyinin açıq göstəricisi kimi qiymətləndirilməlidir.
Deputat vurğulayıb ki, məktəb müəllim və şagirdlərin özlərini tam təhlükəsiz hiss etməli olduqları məkandır:
“Əgər məktəb divarları arasında silahlı insident baş verirsə, bu artıq təhlükəsizlik baxımından ciddi boşluqların olduğunu göstərir”.
Vasif Qafarov cəmiyyəti narahat edən əsas sualların cavablandırılmasının vacibliyini qeyd edib:
“Silah məktəbə necə daxil olub, giriş-çıxış nəzarəti niyə işləməyib və bu qədər təhlükəli vəziyyətin qarşısı niyə vaxtında alınmayıb? Bu suallar açıq qalır”.
Deputat hesab edir ki, hüquq-mühafizə orqanları hadisəni tam, obyektiv və şəffaf şəkildə araşdırmalı, yalnız icraçını deyil, eyni zamanda bu faciəyə şərait yaradan məsul şəxsləri də hüquqi müstəvidə qiymətləndirməlidir.
“Belə hallarda təkcə hadisəni törədən yox, nəzarətsizliyə yol verənlər də araşdırılmalıdır,” – deyə o bildirib.
Vasif Qafarovun sözlərinə görə, bir çox məktəblərdə təhlükəsizlik tədbirləri formal xarakter daşıyır:
“Mühafizəçi var, amma real nəzarət yoxdur; kamera var, amma işlək deyil; qaydalar mövcuddur, lakin icra olunmur. Bu hadisə göstərdi ki, təhlükəsizlik sahəsində dərhal ciddi və sistemli tədbirlər görülməlidir”.
Deputat aidiyyəti qurumların ictimaiyyət qarşısında hesabat verməsinin, istintaqın nəticələrinin açıq şəkildə təqdim olunmasının və məktəblərdə təhlükəsizlik tədbirlərinin yenidən qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
“Burada söhbət bir müəllimin həyatından, məktəblərin təhlükəsizliyindən və gələcəkdə belə faciələrin təkrarlanmamasından gedir,” – deyə o əlavə edib.