Məlum olduğu kimi, 1992-ci ildə ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na etdiyi dəyişiklik nəticəsində qəbul edilən 907-ci düzəliş Azərbaycana birbaşa dövlət yardımının göstərilməsini məhdudlaşdırır və indiyədək tam şəkildə ləğv edilməyib. ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri ərəfəsində bu məsələnin də gündəmdə olacağı gözlənilirdi. Ancaq yayımlanan birgə bəyanatda 907-ci düzəlişlə bağlı hər hansı konkret açıqlama verilmədi.
Bu isə sual doğurur: Strateji Tərəfdaşlıq Xartiyasının imzalandığı bir mərhələdə, niyə 907-ci düzəlişin ləğvi məsələsi açıq şəkildə qabardılmadı və ya rəsmi gündəliyə çıxarılmadı?
Bununla bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışanMilli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində dönüş nöqtəsi kimi yadda qalacaq.

Deputatın sözlərinə görə, tarixi maneələrin aradan qalxması və strateji tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Naqif Həmzəyev qeyd edib ki, ABŞ-də 33 il ərzində ikitərəfli əməkdaşlığa məhdudiyyət yaradan 907-ci düzəlişin faktiki olaraq zərərsizləşdirilməsi mühüm siyasi hadisədir:
“Bu qərar 33 ildən sonra ədalətin bərpasıdır. ABŞ rəhbərliyinin atdığı addım Azərbaycanın regionda sabitlik və enerji təhlükəsizliyində oynadığı rolun açıq şəkildə etirafıdır”.

Deputat bildirib ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu Azərbaycan-ABŞ münasibətlərini sistemli və davamlı əməkdaşlıq müstəvisinə keçirir. Onun sözlərinə görə, mexanizm üç əsas istiqaməti – regional əlaqələndirmə (enerji, ticarət, tranzit), iqtisadi investisiyalar (süni intellekt və rəqəmsal infrastruktur) və təhlükəsizlik əməkdaşlığını əhatə edir.
“Bu platforma prioritet sahələr üzrə konkret yol xəritələrinin hazırlanmasına və real layihələrin icrasına imkan yaradacaq. ABŞ şirkətləri üçün Azərbaycanda yeni investisiya imkanları açılır”, – deyə deputat vurğulayıb.
Naqif Həmzəyev təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişlənməsini də xüsusi qeyd edib. Onun sözlərinə görə, FMF, IMET və “Bölmə 333” proqramları çərçivəsində əməkdaşlıq uzun illərdir davam edir və yeni mərhələdə daha da güclənəcək:
“ABŞ-nin müasir hərbi texnologiyalarının Azərbaycana satışı ilə bağlı maneələrin aradan qaldırılması iki ölkə arasında artan etibarın göstəricisidir. Oklahoma Milli Qvardiyası ilə tərəfdaşlıq NATO standartlarına uyğunlaşma və fövqəladə hallara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır”.
Deputat COP29 çərçivəsində irəli sürülən təşəbbüslərin də Azərbaycanın qlobal enerji gündəmində lider mövqeyini təsdiqlədiyini bildirib. Onun sözlərinə görə, yaşıl enerji zonaları və dəhlizlərinin yaradılması, enerji saxlama sistemlərinin genişləndirilməsi Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında mühüm enerji və tranzit mərkəzi kimi rolunu daha da gücləndirəcək.

Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasına toxunan Naqif Həmzəyev qeyd edib ki, 35 illik münaqişənin başa çatması regionda yeni əməkdaşlıq imkanları açır:
“Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək strateji tranzit marşrutunun yaradılması regionun iqtisadi xəritəsini dəyişəcək. Bu layihə Avropanı Azərbaycan və daha geniş Mərkəzi Asiya ilə alternativ marşrut üzərindən birləşdirəcək”.
Deputat əlavə edib ki, Azərbaycan-İsrail strateji tərəfdaşlığı və ABŞ ilə dərinləşən münasibətlər ölkəni Qərb dünyası üçün etibarlı tərəfdaş kimi mövqeləndirir.
Naqif Həmzəyevin sözlərinə görə, 907-ci düzəlişin tam ləğvi isə daha çox orta və uzunmüddətli perspektivdə, Ermənistan-Azərbaycan sülh müqaviləsinin yekun imzalanmasından sonra daha real görünür:
“Bütün bu proseslər Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir, təhlükəsizlik zəmanətlərini gücləndirir və ölkəmizin qlobal enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir”.
