Ermənistanın xarici işlər və beynəlxalq tərəfdaşlıq naziri Ararat Mirzoyan bəyan edib ki, İran tərəfi İrəvandan “Tramp marşrutu” (TRIPP layihəsi) çərçivəsində ABŞ-nin hərbi iştirakının olub-olmadığını rəsmi şəkildə soruşub və erməni tərəfdən buna mənfi cavab alıb. A.Mirzoyan bu barədə sözügedən layihəyə Tehranın yanaşmasını şərh edərkən bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, erməni nazir İranın bu cür narahatlıqlarını təbii qarşıladıqlarını qeyd edib:
“İran tərəfinin bu cür suallar ünvanlaması tamamilə normaldır. Biz onlara lazımi cavabı verdik. Tehran isə bildirib ki, əgər hərbi iştirak nəzərdə tutulmursa, bu, müsbət haldır, çünki bu şəraitdə onlar da tranzit dəhlizindən və dəmir yolundan rahatlıqla istifadə edə biləcəklər”, – deyə Mirzoyan vurğulayıb.
O, həmçinin Ermənistanda İranın bu layihəyə münasibətinin bəzən qəsdən şişirdildiyini və yanlış təqdim olunduğunu iddia edib.
İran rəsmilərinin üçüncü ölkələrin hərbi-siyasi iştirakının Cənubi Qafqazda sabitliyi poza biləcəyi barədə xəbərdarlıqlarına münasibət bildirən Mirzoyan bu yanaşma ilə prinsipcə razılaşdığını bildirib: “Üçüncü tərəfin hərbi mövcudluğunun digər qonşu dövlətlərin təhlükəsizlik mühitini çətinləşdirməsi hamıya məlum olan reallıqdır”, – deyə o əlavə edib.
Xatırlாடaq ki, ötən ay İranın İrəvandakı səfiri Xəlil Şirqolami Tehranın TRIPP layihəsi ilə bağlı narahatlıqlarını aradan qaldırmaq məqsədilə ikitərəfli xüsusi məsləhətləşmə və fikir mübadiləsi mexanizminin yaradılmasını təklif etdiyini bildirmişdi. İranlı diplomat ABŞ administrasiyasının Tehran əleyhinə siyasətini əsas gətirərək narahatlıqlarını açıq şəkildə çatdırdıqlarını, lakin məsələlərin mehriban qonşuluq ruhunda həllinin mümkün olduğunu söyləmişdi.
Qeyd edək ki, TRIPP – “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsi Ermənistanın Zəngəzur (Sünik) vilayətindən keçən tranzit dəhlizinin açılmasını nəzərdə tutur. Layihə şərtlərinə əsasən, marşrut Ermənistanın yurisdiksiyası daxilində qalmalı və ölkənin suverenliyinə xələl gətirməməlidir.
Sənədə görə, Ermənistan yolun inkişafı və idarə olunması üçün ABŞ-yə 99 ilədək müstəsna uzunmüddətli hüquqlar tanıyır. Azərbaycan bu marşrut vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz quru və nəqliyyat əlaqəsi qurmağı hədəfləyir. Layihədə nəzarət payının ABŞ şirkətinə məxsus olması, İrəvanın isə əsas mexanizmlər üzrə səlahiyyətlərə sahib olması nəzərdə tutulur. İlkin mərhələdə ABŞ üçün 74%, Ermənistan üçün 26% pay təklif edilsə də, müqavilə uzadılarsa Ermənistanın payının 49%-dək artacağı bildirilir. İyun ayının əvvəlində tərəflər müvafiq çərçivə sazişini imzalayıblar.