Salyan rayonunda müəyyən vaxtlarda Kür çayından suyun götürülməsində çətinliklər olsa da, görülmüş tədbirlər nəticəsində hazırda rayonda nasos stansiyalarının işləməsində heç bir çətinlik yoxdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov bildirib.
Əkin sahələri tələbata uyğun suvarma suyu ilə təmin olunur: "Bütün rayonlar üzrə, əsasən də Mingəçevir su anbarından aşağıda yerləşən rayonlarda ötən illərdə müəyyən çətinliklər olub. Ona görə də müvafiq tapşırığa əsasən bütün rayonlar üzrə su tələbatı müəyyən edilərək Nazirlər Kabineti tərəfindən təsdiq edilib və Mingəçevir su anbarından buraxılacaq suyun həcmi aylar üzrə müəyyənləşdirilib. Dünəndən etibarən iyun ayı üzrə Mingəçevir su anbarından 160 kub metr suyun buraxılması təmin edilib. Əvvəl bu, 110 kubmetr idi. Hazırda Salyan rayonunda hiss olunmasa da, 2-3 günə ordan buraxılan su gəlib bura çatır. Burda da heç bir çətinlik olmamalıdır", - deyə o qeyd edib.
"Salyan respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. Rayonun 46 min hektar əkin sahələri mövcuddur. Bunlardan əsasən taxıl, pambıq, yem bitkiləri, bostan, tərəvəz bitkiləri, eyni zamanda həyətyanı sahələrin suvarılması da Kür çayının nasos stansiyaları vasitəsilə təmin edilir. Salyan rayonunun bütün suvarma sistemləri mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə çalışır. Buranın yeganə su mənbəyi Kür çayıdır", - Q.Kərimov əlavə edib.