Dekabrın sonunda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Birliyin baş katibi Sergey Lebedev məlumat verib.
"Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü baş tutacaq", - Lebedev bildirib.
MDB ölkələrinin liderləri arasında digər beynəlxalq platformalarda təmaslara gəlincə, Lebedev BRİKS-in Kazanda keçirilən sammitini xatırladıb, burada bir çox ikitərəfli görüşlər, o cümlədən Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüş keçirildiyini bildirib.
Baş katib onu da qeyd edib ki, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun yaşayır və inkişaf edir.
O əlavə edib ki, kollektiv Qərbin apardığı siyasətə baxmayaraq, MDB ölkələrinin iqtisadiyyatı zərər görməyib, qarşılıqlı ticarətin həcmi artır.