Şimali Koreya ölkənin şimal-qərbində yerləşən Yongbyon nüvə kompleksində yeni uranın zənginləşdirilməsi obyekti inşa edib, paytaxt Pxenyanq yaxınlığındakı Kanson ərazisində isə genişləndirilmiş müəssisəni fəaliyyətə gətirib.
BMT-nin nüvə üzrə nəzarət qurumu – Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) avqustun 28-də yayımladığı hesabatda Yongbyonda yeni müəyyən edilən ikimərtəbəli binanın kompleksin ikinci uranın zənginləşdirilməsi obyekti olduğu bildirilib.
MAQATE bu qənaətə Şimali Koreya lideri Kim Çen Inın iyun ayında obyektə səfəri zamanı dövlət mediasında yayılan görüntülərlə tikinti mərhələsində çəkilmiş peyk fotolarını müqayisə etdikdən sonra gəlib. Görüntülərdə zənginləşdirilmiş uran istehsalında istifadə olunan qaz sentrifuqalarının binanın hər iki mərtəbəsində quraşdırıldığı əks olunub.
Agentliyin hesablamalarına görə, binada görüntülənən tipdən 28-ə qədər sentrifuqa kaskadı yerləşə bilər. Kanson ərazisindəki ayrıca zənginləşdirmə müəssisəsinin isə hesabatda qeyd olunduğu kimi, yanvar ayında fəaliyyətə başladığı ehtimal edilir. Peyk görüntüləri obyektin 2024-cü ildə tamamlanan əlavə binada yerləşdiyini göstərib.
MAQATE bildirib ki, beynəlxalq müfəttişlər 2009-cu ildən Şimali Koreyaya buraxılmadığı üçün ölkənin nüvə fəaliyyətini peyk görüntüləri və açıq mənbələr, o cümlədən Şimali Koreya dövlət mediasının yayımladığı fotolar əsasında izləməyə məcburdur.
Agentliyin məlumatına görə, son nəticələr Şimali Koreyanın nüvə silahı hazırlamasını qadağan edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir. MAQATE-nin baş direktoru Rafael Qrossi Vyanada qurumun Direktorlar Şurasına bildirib ki, iki zənginləşdirmə obyektinin fəaliyyətini davam etdirməsi və silah istehsalında istifadə olunan materialların həcminin artması “ciddi narahatlıq doğurur”.
Şimali Koreya MAQATE-nin nəzarətini ardıcıl olaraq rədd edib. Ölkənin Vyanadakı BMT missiyası ötən ilin sentyabrında Şimali Koreyanın nüvə silahına malik dövlət statusunun geri dönməz olduğunu bildirib və agentliyin proqramı araşdırmaq səlahiyyətini qəbul etməyib.
Şimali Koreya 2003-cü ildə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxıb və 2006-cı ildən bəri altı nüvə sınağı keçirib. Son sınaq 2017-ci ildə baş tutub.
Şimali Koreyanın nüvə arsenalının həcmi ilə bağlı qiymətləndirmələr fərqlənir. Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek avqust ayında parlamentə bildirib ki, Pxenyanqın təxminən 80-120 nüvə başlığına malik olduğu güman edilir, lakin dəqiq rəqəmi müəyyənləşdirməyin çətin olduğunu vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə həmin ay jurnalistlərə Şimali Koreyanın 57 nüvə silahına malik olduğunu düşündüyünü deyib. Peyk görüntülərində Şimali Koreyanın Punggeri yeraltı nüvə sınağı poliqonunda da fəaliyyət müşahidə olunub. Bu, Qərb rəsmilərində Pxenyanqın yeddinci nüvə sınağına hazırlaşa biləcəyi ilə bağlı narahatlıq yaradıb.