Malidə təhlükəsizlik böhranı yeni mərhələyə qədəm qoyub. Ölkənin şimalındakı “Azawad” separatçıları və "El Kaide" ilə əlaqəli JNIM qruplaşmasının şənbə günü həyata keçirdiyi koordinasiyalı hücum 2012-ci ildəki xaosu yenidən xatırladıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Mali ordusu ölkə miqyasında başlayan genişmiqyaslı hücumun dəf edildiyini və əməliyyatlar zamanı yüzlərlə terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Buna baxmayaraq, paytaxt Bamakodan Kidal şəhərinə qədər uzanan geniş ərazidə baş verən toqquşmalar ciddi narahatlıq yaradıb. Hərbi xunta Bamakoda üç günlük komendant saatı elan edib.
2012-ci il böhranı təkrarlanır?
Mövcud vəziyyət 2012-ci ildə Azawad Milli Qurtuluş Hərəkatının (MNLA) başlatdığı müstəqillik mübarizəsini xatırladır. Hazırda köhnə MNLA xəttini təmsil edən Azawad Qurtuluş Cəbhəsi (FLA) "El Kaide"nin Sahel qolu olan JNIM ilə birgə hərəkət edir. Məlumata görə, hücumlar zamanı Mali Prezidenti Assimi Goitanın ofisi, Müdafiə Nazirliyinin binası və Bamako Beynəlxalq Hava Limanı hədəf alınıb.
Hədəfdə həm də Rusiya var
Hücumun diqqətçəkən məqamlarından biri də Rusiya əleyhinə verilən mesajlar olub. Qruplaşmalar Moskvanın Mali hərbi rəhbərliyinə verdiyi dəstəyi tənqid edərək, bu ittifaqın yenidən nəzərdən keçirilməsini tələb ediblər. Qeyd edək ki, Qərb qüvvələrinin ölkədən çəkilməsindən sonra Rusiya əvvəlcə "Wagner", daha sonra isə "Africa Corps" vasitəsilə Malidəki hərbi mövcudluğunu artırıb.
Beynəlxalq reaksiya və ağır itki
ABŞ və Rusiya baş verən hücumları sərt şəkildə qınayıb. Ekspertlərin fikrincə, separatçıların partizan taktikası ilə cihadçıların geniş şəbəkəsinin birləşməsi hərbi xunta üçün ən ciddi sınaqlardan biridir. Digər tərəfdən, yayılan son məlumatlara görə, baş verən şok hücum nəticəsində Malinin Müdafiə naziri həyatını itirib.