Fransa Prezidenti Emmanuel Makron cümə günü Parisin qərbində yerləşən Trappes və La Verrière şəhərlərində baş verən ölümcül atışmanı irqçi hücum və ölkə üçün “dönüş nöqtəsi” adlandırıb.
AnewZ-nin məlumatına görə, cümə günü səhər Yvelines departamentində üç yerdə avtomobildən atəş açılması nəticəsində bir nəfər ölüb, azı dörd nəfər yaralanıb. Yaralılar arasında 12 yaşlı qız da var.
Trappes şəhərinə səfər edərək bələdiyyə sədri, xilasedicilər və sakinlərlə görüşən Makron hadisənin Fransa Respublikası üçün dönüş nöqtəsi olduğunu deyib. O, hücumun “irqçi ideologiya zəminində” törədildiyini bildirib və “irqçiliyin ictimai diskursda möhkəmləndiyi” barədə xəbərdarlıq edib.
“Biz geri çəkilməyəcəyik və geri çəkilmək üçün heç bir əsasımız yoxdur. Respublika dayanacaq”, – Makron vurğulayıb.
Şübhəli saxlanılıb
Daxili işlər naziri Laurent Nünez bildirib ki, hücum edən şəxs təxminən 15 dəqiqə davam edən atışma zamanı avtomobildən “müharibə silahına, yaxud istənilən halda avtomatik silaha” bənzər silahla atəş açıb. Nazir silahlının “aydın şəkildə” terror cinayəti törətdiyini deyib.
Polis şübhəlini yaxınlıqdakı Coignières şəhərində saxlayıb. Fransa mediasının Kevin T. kimi tanıtdığı 39 yaşlı şəxs xırda cinayətlərə görə polisə əvvəldən tanış olub. Le JDD-yə istinad edən polis mənbəsinin məlumatına görə, cümə axşamı onun ailə üzvlərindən biri də saxlanılıb.
Fransanın antiterror prokurorluğu terrorçu məqsədlə əlaqəli qətl və qətlə cəhd maddələri üzrə istintaqa başlayıb. İstintaqçılar qurbanların həqiqi və ya ehtimal edilən irqi, etnik mənsubiyyəti, milliyyəti və ya dininə görə seçilib-seçilmədiyini də araşdırırlar. İstintaqa daxili kəşfiyyat qurumu DGSI də cəlb olunub.
Fransa mediasının istinad etdiyi polis mənbəsinin məlumatına görə, Trappesdə 26 yaşlı kişi öldürülüb. 21, 29 və 48 yaşlı üç kişi ağır yaralanıb. La Verrière şəhərində yaralanan 12 yaşlı qızın vəziyyəti isə yerli bələdiyyə sədrinin sözlərinə görə, stabilləşib.
Trappes şəhərinin meri Ali Rabeh bildirib ki, silahlı şəxs “təsadüfi atəş açırmış kimi görünür” və “qətliam törətmək niyyətində olduğu təəssüratı yaranıb”. O, hadisəni “irqçi, ehtimal ki, islamofob hücum” adlandırıb və daha çox qurbanın olmamasını “möcüzə” kimi qiymətləndirib.
Baş nazir Sébastien Lecornu atışmanı “çox ciddi” adlandıraraq bütün resursların səfərbər edildiyini bildirib.
Fransa Müsəlmanları Şurası hadisəni “ehtimal olunan islamofob terror hücumu” kimi xarakterizə edib. Keçmiş prezident François Olland, Milli Birlik partiyasının liderləri Marine Le Pen və Jordan Bardella, eləcə də Gabriel Attal da daxil olmaqla, müxtəlif siyasi düşərgələrdən olan siyasətçilər zərərçəkənlərə dəstək ifadə edib və istintaqın sürətlə aparılmasına çağırıblar.
Hücum Fransada bir həftədir davam edən zorakı etirazlar və şənbə günü üçün planlaşdırılan yeni nümayişlər fonunda baş verib.