Fransanın Aubagne şəhərində, bazar ertəsi 14 yaşlı şagird ov tüfəngi ilə məktəb direktorunu və müəllimi yaralayıb. Rəsmilərin bildirdiyinə görə, onların xəsarətləri həyati təhlükə yaratmır.
Yerli rəsmilərin məlumatına əsasən, yeniyetmə ov tüfəngini gitara çantasında gizlədərək Joseph Lakanal orta məktəbinə daxil olub və bir neçə dəfə atəş açıb. Məktəb əməkdaşlarından biri onu tərksilah edib. Marsel prokurorluğu qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaqa başlayıb.
53 yaşlı direktor ayağından və belinin aşağı hissəsindən, 37 yaşlı müəllim isə bud nahiyəsindən güllə yarası alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib. Rəsmilər şagirdlərdən heç birinin ciddi xəsarət almadığını bildirsələr də, daha bir nəfərin yüngül yaralandığı xəbər verilib.
Marsel prokuroru Nikola Bessonun sözlərinə görə, yeniyetmə birinci mərtəbədə direktor və müəllimə atəş açdıqdan sonra yuxarı mərtəbəyə qalxıb. Orada daha iki dəfə atəş açıb: əvvəlcə başqa bir müəllimin qarşısındakı döşəməyə, sonra isə sinif otağına. Güllə lövhəyə dəyib.
Sinif otağında xəsarət alan olmayıb, lakin şagirdlər və müəllim hadisədən ciddi sarsılıblar. Bessonun bildirdiyinə görə, polis gələnədək məktəb nəzarətçilərindən biri yeniyetməni tərksilah edib. Daha sonra polis onu saxlayıb. Hücumun motivi hələ müəyyənləşdirilməyib.
Şagirdlər məktəbdən təxliyə edilib
Atəş səslərindən sonra məktəbdə qarışıqlıq yaranıb, şagirdlər sinif otaqlarını tərk edərək təxliyə olunublar. Şagirdlərdən biri “Reuters” agentliyinə ilk atəş səsinin yaxınlıqdakı tikinti işlərindən gəldiyini düşündüklərini, ikinci atəşdən sonra isə həyəcan siqnalının işə düşdüyünü deyib.
“Panikaya düşdük, qaçdıq”, – şagird bildirib. “BFMTV” telekanalına danışan digər şagirdlər isə qaçmağa çalışarkən silahlı yeniyetmə ilə üz-üzə gəldiklərini söyləyiblər. Onlardan birinin sözlərinə görə, şagirdlər qaçarkən yeniyetmə yerə atəş açıb.
Aubagne meri Jan-Pyer Skvilyari şagirdlərin saniyələr ərzində təhlükəsiz yerə aparıldığını bildirib. Hadisədən zərər çəkənlərə dəstək üçün psixoloji yardım qrupu yaradılıb.
Makron məktəb əməkdaşlarının çevik reaksiyasını alqışlayıb
Fransa Prezidenti Emmanuel Makron zərərçəkənlərə, şagirdlərə və valideynlərinə dəstəyini ifadə edib, məktəb əməkdaşlarının çevik reaksiyasını yüksək qiymətləndirib.
“Ən ağır nəticələrin qarşısını almağa imkan verən təhsil kollektivinin soyuqqanlılığını və nümunəvi reaksiyasını alqışlayıram”, – Makron “X” sosial şəbəkəsində yazıb.
Təhsil naziri Eduar Gefre atışmanı “qəbuledilməz əməl” adlandırıb və cəmiyyətdə zorakılığın artması ilə bağlı xəbərdarlıq edib. Onun daxili işlər naziri Loran Nünezin müşayiəti ilə məktəbə baş çəkəcəyi gözlənilirdi.
Hadisə Fransada liseylərdə kadr çatışmazlığı və maliyyələşmənin yetərsizliyinə qarşı etirazların keçirildiyi vaxta təsadüf edib. Bəzi aksiyalar zorakılıqla müşayiət olunub. Bununla belə, polis həmkarlar ittifaqının nümayəndəsi Eddi Sid etirazlarla atışma arasında görünən əlaqə olmadığını deyib. Yerli məlumatlara görə, Joseph Lakanal məktəbinin girişi bağlanmayıb.
Sağçı lider Marin Le Pen hökuməti məktəblərin təhlükəsizliyinə nəzarəti itirməkdə ittiham edib. Yeniyetmənin motivi bilinmədiyi üçün qəsdən adam öldürməyə cəhd işi üzrə istintaq davam edir.