Belarus Prezidenti Aleksandr Lukaşenko Bryansk vilayətində belaruslu uşaqları daşıyan avtobusa hücum edən dronun Ukraynaya məxsus olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Lukaşenko bu barədə “BelTA”ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, Minsk məsələ ilə bağlı yekun nəticə çıxarmağa tələsmir, lakin mövcud məlumatlara əsasən dronun Ukrayna mənşəli olduğu görünür.
“Biz heç bir nəticə çıxarmağa tələsmirik, amma fakt budur ki, dron Ukrayna mənşəlidir”, - deyə Lukaşenko bildirib.
Qeyd edək ki, iyunun 17-də günortadan sonra Bryansk vilayətinin qubernatoru vəzifəsini icra edən Yeqor Kovalçuk Qomeldən tətil üçün Gelendjikə gedən uşaq futbol komandasını daşıyan avtobusa dron hücumu edildiyini açıqlayıb.
Bildirilib ki, avtobusda ümumilikdə 44 nəfər olub. Onlardan 28-i uşaq idmançı olub. Hücum nəticəsində beş uşaq və üç böyük yaralanıb, bir qadın isə həyatını itirib.
Hadisə ilə bağlı terrorizm maddəsi ilə cinayət işi açılıb.