Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-nin nümayəndələri Stiv Vitkov və Cared Kuşnerin yaxın gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Uşakov bu barədə “Vesti”yə açıqlamasında danışıb.
O qeyd edib ki, hər iki danışıqlar aparan şəxs – Kuşner və Vitkov tezliklə Moskvaya səfər edəcəklər. Lakin onların səfərinin dəqiq tarixləri hələ müəyyən edilməyib.
“Hazırda onlar hələ də İran məsələləri ilə məşğuldurlar və əsas saziş üzərində işin başlanğıcında iştirak edəcəklər. Buna görə də onların Moskvaya səfərinin konkret tarixləri hələ müəyyən edilməyib”, - deyə Uşakov bildirib.
Bundan əvvəl Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidentinin nümayəndələri ilə aparılan təmaslarda mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb.
O bildirib ki, hərbi münaqişənin davam etməsində maraqlı olan tərəflərin dialoqu pozmağa çalışmasına baxmayaraq, Moskva və Vaşinqton arasında əlaqələr davam edir.
Dmitriyev yaxın gələcəkdə bu istiqamətdə daha aktiv addımların atıla biləcəyini də vurğulayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vitkov və Kuşnerin yaxın zamanda Moskvaya səfərinin gözlənilmədiyini bildirib.