PSJ-nin baş məşqçisi Luis Enrike Parislə ömrünün sonunadək bağlı qalmaq istədiyini bildirib. İspaniyalı mütəxəssis klubla müqaviləsini uzatdıqdan sonra daha çox titul qazanmaq üçün üzərində təzyiq hiss etdiyini deyib.
Enrike parislilərin ona “Həyatımızı dəyişdiniz” deməsinin məşqçi üçün dəyərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, gördüyü işin insanlara təsir etdiyini bilmək və azarkeşlərlə, onların ailələri ilə güclü emosiyalar bölüşmək önəmlidir.
Parisli olub-olmadığı barədə suala cavab verən mütəxəssis fransız dilini daha yaxşı öyrənməli olduğunu qeyd edib. Enrike ilk illərdə bu dildə danışmaqda çətinlik çəkdiyini, bəzən çıxılmaz vəziyyətə düşdüyünü düşündüyünü söyləyib. Bununla belə, irəliləyiş etdiyini və hər gün özünü daha rahat hiss etdiyini bildirib. O, əcnəbi olsa da, Parislə bağlı qalmaq və klubun mədəniyyətini dəstəkləmək istədiyini deyib.
Paris No Limit sosial şəbəkə hesabının yaydığı məlumata görə, Enrike PSJ-yə 2023-cü ilin yayından rəhbərlik edir. Onun rəhbərliyi altında klub iki dəfə Çempionlar Liqasını, bir dəfə UEFA Superkubokunu, üç dəfə Fransa çempionatını və bir dəfə ölkə Superkubokunu qazanıb. PSJ, həmçinin iki Fransa Kubokuna və bir FIFA Qitələrarası Kubokuna sahib çıxıb.