Liviyanın şərqindəki Bingazi dəniz bazasında ehtimal olunan dron hücumundan sonra Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi, demək olar, batıb. Yerli hakimiyyət və tibb mənbələrinin məlumatına görə, hadisə zamanı 10 Rusiya və Liviya vətəndaşı yüngül xəsarət alıb.
AnewZ yazır ki, Liviyanın şərqindəki hökumət noyabrın 22-də, bazar günü, ilkin araşdırmanın gəmidəki partlayışın dron hücumu nəticəsində baş verdiyini göstərdiyini açıqlayıb. Gəmi Rusiyaya qayıdarkən yanacaq və təchizat almaq üçün limanda dayanmışdı.
“Vantor” şirkətinin təhlil etdiyi peyk görüntülərində gəminin Rusiya Hərbi Dəniz Qüvvələrinin “Merkury” korveti olduğu müəyyənləşdirilib. Bazar günü çəkilən görüntülərdə gəminin böyük hissəsinin su altında qaldığı, burnunun isə suyun üzərində olduğu görünür. Gəminin gövdəsindən tüstü qalxıb, körpü boyunca dağıntılar səpələnib.
Bingazi sahillərində dron qayıqları ələ keçirilib
Hadisədən sonra Liviyanın şərq sahillərində daha bir neçə dəniz hücumu barədə məlumat yayılıb. Liviyanın iki hərbi mənbəsinin bildirdiyinə görə, Malta bayrağı altında üzən ticarət gəmisinə bazar günü axşam Bingazi yaxınlığında dron qayığı ilə zərbə endirilib.
Liviya hərbi dəniz qüvvələri gəminin heyətini xilas edib. Səhiyyə qurumları göyərtədə olanlardan bəzilərinin yüngül xəsarət aldığını bildirib. Hərbi mənbələr, həmçinin Liviya hərbi dəniz və hava qüvvələrinin həmin axşam Bingazi sahillərində 20-dən çox dron qayığını ələ keçirdiyini deyiblər.
Hadisələrə görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib. Rusiya rəsmiləri isə dərhal açıqlama verməyiblər.
Liviya BMT-dən beynəlxalq araşdırma istəyib
Liviyanın şərqindəki hökumət BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası vasitəsilə beynəlxalq araşdırma aparılmasını tələb edib. Baş nazir Osama Həmmad dron qayıqlarının Liviyanın qərbindən göndərildiyi ehtimalının araşdırılmasına çağırıb.
Həmmad, həmçinin Ukrayna mütəxəssislərinin Liviyada mümkün mövcudluğu barədə məlumatların yoxlanılmasını və Kiyevin onların fəaliyyəti ilə bağlı izahat verməsini istəyib.
Liviya rəsmiləri insidenti ölkənin suverenliyinin pozulması və dəniz təhlükəsizliyinə təhdid kimi qiymətləndiriblər. Hökumətin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib: “Liviya hökuməti Liviya limanlarının, ərazisinin və ərazi sularının hesablaşma meydanına və ya beynəlxalq münaqişələrin ixrac edildiyi məkana çevrilməsinə imkan verməyəcək”.
Hökumət BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə və üzvlərinə rəsmi şikayət memorandumu göndərib. Memorandumda Bingazi dəniz bazasındakı hadisə, limanda dayanmış Rusiya gəmisinə hücum və Liviya sahillərində Malta yük gəmisinin üzləşdiyi insident barədə mövcud məlumatlar yer alıb. Sənəddə bu hadisələrin dəniz nəqliyyatının təhlükəsizliyinə, regional sabitliyə, Liviyanın suverenliyinə və sahillərinin təhlükəsizliyinə yaratdığı risklər vurğulanıb.
Hökumət hadisələrin təfərrüatını müəyyənləşdirmək və məsul şəxsləri cəzalandırmaq üçün ciddi və şəffaf beynəlxalq araşdırma tələb edib, Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti insidentlərin təkrarlanmaması üçün tədbir görməyə çağırıb. Hökumət, həmçinin beynəlxalq hüquqa uyğun olaraq suverenliyini, ərazi bütövlüyünü və ərazi sularını qorumaq, milli təhlükəsizliyini təmin etmək və maraqlarını müdafiə etmək üçün qanuni tədbirlər görmək hüququnu bəyan edib.
Rəsmilər yanğın söndürüldükdən sonra dəniz bazasının və ətraf liman obyektlərinin təhlükəsiz olduğunu, normal fəaliyyətin bərpa edildiyini bildiriblər.
Rusiya-Ukrayna münaqişəsi Aralıq dənizinə yayılır
Ehtimal olunan hücum Qara dənizdən kənarda dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib. Ukrayna qüvvələri Moskvanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğaldan sonra dəfələrlə Rusiya hərbi dəniz qüvvələrinin obyektlərini hədəfə alıb.
Ukrayna 2025-ci ilin dekabrında Aralıq dənizində hava dronları ilə Rusiya ilə əlaqəli neft tankerinə hücum etdiyini açıqlamışdı, lakin hadisənin dəqiq yeri müəyyən edilməmişdi.
Rusiya daha sonra Ukraynanı 2026-cı ilin martında Rusiya mayeləşdirilmiş təbii qaz tankerinə hücum etmək üçün Liviya sahillərindən buraxılan dəniz dronlarından istifadə etməkdə ittiham etmişdi.
Liviyanın şərqindəki hökumət ölkənin Rusiya-Ukrayna müharibəsində iştirak etmədiyini vurğulayıb və digər dövlətlərlə dəniz sahəsində əməkdaşlığın suveren məsələ olduğunu bildirib.