“Real Madrid” klubu Karlos Alkarası ATP Finals-2026 turnirində qazandığı ilk çempionluq münasibətilə təbrik edib. Klubun idmançıya ünvanladığı təbrik sosial şəbəkə X-də paylaşılıb.
“Əziz Karlos Alkaras, ATP Finals-də qazandığın layiqli ilk titul münasibətilə səni təbrik edirik! Bu, İspaniya tennisinə və səni həmişə dəstəkləyən bütün “Real Madrid” azarkeşlərinə böyük sevinc bəxş edir. Təbriklər!” – paylaşımda qeyd olunub.
Alkaras noyabrın 22-də keçirilən finalda almaniyalı Aleksandr Zverevə 6:2, 7:6 (9:7) hesabı ilə qalib gəlib. Bakı vaxtı ilə saat 21:15-də başlayan görüş 2 saat 1 dəqiqə davam edib.
Bu, ispaniyalı tennisçinin karyerasında ATP Finals turnirində qazandığı ilk titul olub. Alkaras Turində keçirilən turnirin qalibi kimi 5,17 milyon dollar qazanıb.