Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Lənkəran rayonuna səfəri çərçivəsində İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatına baş çəkib. O, burada yetişdirilən çay növləri və istehsal olunan məhsullarla yaxından tanış olub.
Təsərrüfatın bölgədə ənənəvi çayçılıq mədəniyyətinin qorunması, yerli istehsalın dəstəklənməsi və ekoloji kənd təsərrüfatının təşviqi istiqamətində mühüm rol oynadığı bildirilib. Leyla Əliyeva çay plantasiyasında çalışan işçilərlə görüşərək, onların gündəlik fəaliyyəti ilə maraqlanıb və çay yığımında iştirak edib. Görüş zamanı xatirə şəkilləri çəkilib.
Fermer təsərrüfatının rəhbəri Araz Yağubov məlumat verib ki, 2006-cı ildə əsası qoyulan təsərrüfat 100 hektardan artıq ərazini əhatə edir və bunun 55 hektarı çay plantasiyasıdır. Söhbət zamanı ekoloji kənd təsərrüfatının ətraf mühitin mühafizəsinə, yerli istehsalın inkişafına və regionda məşğulluğun təmin olunmasına verdiyi töhfələr, eləcə də təsərrüfatın aqroturizm potensialı diqqətə çatdırılıb.