Rusiya Federasiyası ABŞ və İran arasında davam edən danışıqlar prosesini dəstəklədiyini və tərəflər arasında uzunmüddətli razılaşmanın əldə olunmasına vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov XII Beynəlxalq Elmi-Ekspert Forumu olan “Primakov qiraətləri”ndə çıxışı zamanı məlumat verib.
Məlumata görə, Lavrov Moskvanın ABŞ və İran arasında aparılan dialoqu müsbət qarşıladığını və hərbi əməliyyatların dayandırılmasına yönəlmiş addımların dəstəkləndiyini bildirib. O qeyd edib ki, Rusiya tərəfi Vaşinqton və Tehran arasında kompleks və uzunmüddətli sazişin hazırlanması üçün lazımi dəstəyi göstərməyə hazırdır.
Bildirilib ki, Rusiya xarici işlər naziri ehtiyac yaranacağı təqdirdə regiondakı digər ölkələrin də iştirakı ilə daha genişmiqyaslı razılaşmaların əldə olunmasına töhfə verə biləcəklərini vurğulayıb.
Qeyd olunub ki, Lavrovun açıqlaması beynəlxalq diplomatik təmasların intensivləşdiyi bir dövrdə Rusiya Federasiyasının vasitəçilik roluna hazır olduğunu göstərir.
Xatırladılıb ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Moskvanın mövqeyinə görə təşəkkürünü ifadə edib. Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Ağ Ev rəhbəri Rusiyanın İranla bağlı vəziyyətin həllinə dair irəli sürdüyü təşəbbüsləri müsbət qiymətləndirib.