ABŞ Prezidenti Donald Trampın komandası Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik səyləri intensivləşdirir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, TASS-ın öz mənbələrinə istinadən yaydığı məlumata görə, Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner bu prosesdə əsas fiqurlar kimi çıxış edirlər. Bildirilir ki, tərəflər arasında artıq ilkin telefon danışıqları keçirilib.
Diplomatik təmasların fonunda Rusiyanın maliyyə naziri Anton Siluanovun ABŞ-nin Eşvill şəhərində keçirilən G20 ölkələrinin maliyyə nazirlərinin toplantısı çərçivəsində amerikalı həmkarı Skott Bessentlə görüşü də diqqət çəkib.
“Fox Business” müxbiri Edvard Lourensin məlumatına görə, görüş zamanı Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı hazırladığı 28 bəndlik sülh planı müzakirə olunub.
Hazırda beynəlxalq ictimaiyyət ABŞ-nin yeni administrasiyasının Ukrayna münaqişəsinin həlli istiqamətində atacağı konkret addımları və tərəflərin bu təşəbbüslərə reaksiyasını gözləyir.