Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi rayon üzrə yaşayış məntəqələrində ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılmasına hazırlıq məqsədilə təlimlərə başlanılıb. Yeni mexanizmin kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması və regionlarda sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanır; eyni zamanda uçotun məqsədləri, əldə olunan məlumatların kənd əhalisinin rifahına necə xidmət edəcəyi və kiçik təsərrüfatların qeydiyyatının nə dərəcədə səmərəli olacağı diqqət çəkir.
Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi – OMM”-ə açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, kiçik və ev təsərrüfatlarında çalışan kəndlilər indiyədək istehsal etdikləri məhsulun bir hissəsini özləri istehlak edib, bir hissəsini satıb, bir hissəsini də qonşulara pay veriblər. Onun sözlərinə görə, bu təsərrüfatların uçota alınması istehsalı artırmayacaq və kəndlinin vəziyyətini yaxşılaşdırmayacaq:
“Bunun uçota alınması kəndlinin istehsalını artırmayacaq, vəziyyətini yaxşılaşdırmayacaq”.
Ekspert qeyd edib ki, kənd təsərrüfatında əsas problemlər başqadır və onlar həll olunmadan inkişaf mümkün deyil. Vahid Məhərrəmov bu problemlər sırasında davamlı və dayanıqlı suvarma suyunun olmamasını, yerlərdə peşəkar mütəxəssis və özəl məsləhətçilərin çatışmazlığını, keyfiyyətli toxum problemini, məhsulun bazara çıxarılmasında yaranan çətinlikləri və orta fermer təsərrüfatları üçün saxlama kameralarının çatışmazlığını sadalayıb:
“Suvarma suyu olmasa bitki torpağın altında, o bitkinin kökündə olan mineral elementləri mənimsəyə bilməz.Toxum problemi var, bazar problemi var, saxlama kameralarının olmaması kimi problemlər var. Bu problemlər həll olunmadan kənd təsərrüfatı inkişaf etməyəcək”.
Vahid Məhərrəmovun fikrincə, elektron uçotun əsas məqsədi ev təsərrüfatlarında çalışanları və kiçik təsərrüfatları gələcəkdə vergi ödəyicisinə çevirməkdir:
“Məqsəd odur ki, ev təsərrüfatında çalışanlar və kiçik təsərrüfatlar vergi ödəyicisi olsunlar. Qeydiyyata alınanlar vergi ödəməyəcək, bəs alınmayanlar? Gələcəkdə faizləri artırıb bütün istehsalçıları qanunla vergi ödəyicisi edəcəklər”.
Ekspert bildirib ki, qeydiyyat yerlərdə mövcud uçot kitabçaları və orta göstəricilər əsasında aparılacaq. Onun sözlərinə görə, heyvanların məhsuldarlığı və yumurta verməsi mövsümdən və şəraitdən asılı olaraq dəyişir; sahədən xəbəri olmayanların yanaşması qərəzli ola bilər, proses subyektiv maraqlara və alver predmetinə çevrilə bilər, qurumların istehsalı çox göstərməyə çalışması nəticəsində isə adam başına düşən istehlak göstəriciləri şişə bilər.