“Roma” və “Milan”ın sabiq hücumçusu Antonio Kassano “Real Madrid”in cinah oyunçusu Vinisius Junior barədə fikirlərini bölüşüb. O, braziliyalı futbolçunun yaxşı oyunçu olduğunu, amma superulduz səviyyəsinə çatmadığını bildirib.
Kassanonun sözlərinə görə, Rodriqo Vinisiusdan daha yaxşı futbolçudur və sağlam olduğu halda əsas heyətdə meydana çıxmalıdır. O, Vinisiusun fiziki forması optimal olmayanda alternativ oyun variantlarının azaldığını, hücumların tamamlanmasında da yüksək effektivlik göstərmədiyini vurğulayıb.
“Vinisius qol vurur, amma superulduz deyil. Rodriqo sağlamdırsa, start heyətində məhz o olmalıdır. O, mənim daha çox xoşuma gəlir və qayıdışını səbirsizliklə gözləyirəm”, – Kassanonun sözlərini AS nəşri yayıb.
Vinisius Junior 2018-ci ilin iyulunda, 18 yaşında “Real Madrid”ə qoşulub. O, klubda keçirdiyi səkkiz mövsümdə 375 oyuna çıxıb, 128 qol vurub və 14 titul qazanıb. Bu mükafatlar arasında iki Çempionlar Liqası, üç klublararası dünya çempionluğu, iki UEFA Superkuboku, üç La Liqa, bir İspaniya Kuboku və üç İspaniya Superkuboku var.