ABŞ Prezidenti Donald Tramp Kanadanın "Bombardier" təyyarə şirkətinə xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, "Bombardier"ə çağırış edərək istehsal müəssisələrini ABŞ-yə köçürmədiyi təqdirdə şirkətin Amerika bazarında təyyarə satışlarının əngəllənəcəyini açıqlayıb.
Tramp "Bombardier" təyyarələrinin ABŞ-də satışının dayandırılacağını bildirib.
“Bazarımızı istəyirlərsə, burada istehsal etməli və Amerikanı pul yığan bir kassaya çevirməkdən əl çəkməlidirlər”, - o qeyd edib.
Tramp həmçinin Kanadanı ABŞ banklarına və şirkətlərinə qarşı bazar məhdudiyyətləri tətbiq etməkdə ittiham edib və amerikalıları “Amerika malları alın, Amerika təyyarələri ilə uçun” çağırışına səsləyib.
ABŞ prezidentinin bu təhdidi iki ölkə arasında dərinləşən ticarət müharibəsi və Kanadanın ABŞ mənşəli məhsullara qarşı 20 milyard dollar həcmində cavab tariflərini qüvvəyə mindirməsindən əvvəl səsləndirilib.
Monrealda yerləşən "Bombardier" şirkəti açıqlamasında ABŞ-də birbaşa 3 500 nəfəri işlə təmin etdiyini, həmçinin Amerika iqtisadiyyatında on minlərlə dolayı iş yeri yaratdığını bildirib.
Şirkət istehsalın Kanada, ABŞ və Meksikadakı müəssisələrdə həyata keçirildiyini və mövcud əməliyyatların CUSMA (USMCA) azad ticarət sazişinin tələblərinə tam uyğun olduğunu vurğulayıb.